Vadius-səlamdan anladım

Dünya həyatının zinətləri insanı qəflət yuxusuna salan mühüm amillərdən biridir

Dünya həyatının zinətləri insanı qəflət yuxusuna salan mühüm amillərdən biridir. Qəflət yuxusunda olan insanı tora salmaq şeytan üçün o qədər də çətin deyil. Bu səbəbdən Əhli Beyt (ə) dən bizə çatan hədislərdə, eləcə də böyük əxlaq ustadlarının və Allahın övliyalarının tövsiyələrində qəflət yuxusundan oyanmaq üçün mühüm əməllərdən biri kimi qəbristanlığı ziyarət tapşırılmışdır. Qəbiristanlıq insana axirəti xatırladır. insan ölümü xatırlamaqla mürtəkib olduğu bir çox günahları tərk etməyə çalışır. Çünki, günah nə qədər çox olarsa, ölümün çətinliyi və axirət sorğu-sualı bir o qədər çətin olur. Qəbiristanlıq həqiqətdə dünya ləzzətlərinin sona çatdığı və axirət sorğu-suallarının başlandığı nöqtədir. Sizlərə təqdim olunan əhvalat böyük arif Həzrət Ayətullah Əllamə Mirzə Əli Qazi Təbatəbai ilə xas şagirdi arasında olan bir macəradır.      

  Mirzə Əli ağa Qazi Təbatəbainin əksər şagirdləri nəql edirdilər ki, Əllamə Qazi Nəcəfin Vadius-səlam qəbristanlığına ziyarət üçün çox gedirdi. Ziyarəti üç-dörd saata qədər çəkirdi. Hərdən şagirdləri də onunla gedirdilər və Əllamə Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorulardı və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına etiraz edib öz qəlblərində deyərdilər: Axı ustad üç-dörd saat vaxtı niyə burda oturur? Görən yorulmur?

Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətən də düzünü demək istəsək bu şəxs olduqca yaxşı adam idi. Bu şəxsin adı Muhəmmədtəqi Amuli və özü də Əllamə Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi.

Muhəmmədtəqi Amuli nəql edirdi: Mən həmişə görürdüm ki, Əllamə Qazi gedib 2-3 saat Vadius-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa bəsdir, daha bu qədər burda oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...

Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə,  − hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim.

Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mərifət dəryasından incilər toplayırdım.

İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm, amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim, ikifikirli qalmışdım. Bu niyyətimi heç kimə bildirməmişdim.

Bir axşam yatmaq istəyirdim. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstündə elmi və dini kitablar yığmışdım. Yatan vaxtı təbii olaraq mənim ayaqlarım kitablara tərəf uzadılmış olurdu. Öz-özlüyümdə dedim:

Görən qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində durmurdu, bir az yuxarıda taxçaya yığılmışdı. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım.

Səhər tezdən ustadım Ağa Qazinin yanına getdim, salaməleyk etdim, cavabımı verib dedi: Sənin İrana qayıtmağın məsləhət deyil, kitablara tərəf də ayağı uzatmaq elmə və kitaba ehtiramsızlıq sayılır.

Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim:

Ağa, siz hardan bildiniz?

Dedi:

Vadius-səlamdan bildim.

Ağa Qazinin bu son cümləsi ilə uzun müddət Muhəmmədtəqi Amulinin xatirində ustadının Vadius-səlamda uzun müddət oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu.***

 

***Əllamə Hüseyn Hüseyni Tehrani, “Məad şenasi”, c. 2, səh. 291

 

Şərhi əlavə etmək